Əzimov Şahin Həsənbala oğlu 1974-cü il oktyabrın
18-də Xocalı rayonunun Ballıca kəndində anadan olub. Erməni seperatçıları Əzimovlar
ailəsinin Ballıcadakı evini yandırdıqdan sonra ailə 1988-ci ilin sentyabrın 22-də
Xocalıya köçmək məcburiyyətində qalıb. Onlar Xocalıda fin evlərdə məskunlaşıblar.
Ailə başçısı Həsənbala kişi Xocalıda ipək fabrikində gözətçi işləyib. Həsənbala
kişi və böyük oğlu Hüsü Xocalının müdafiəsində dayanıblar. Şahin özü isə çörək
sexində çörəkbişirən işləyib. Şahin Əzimov Xocalı soyqırımı zamanı hər
iki valideyni şəhid olmuş 25 uşaqdan biridir. Təsadüf nəticəsində erməni gülləsindən
yayınaraq həyatda qalmış və əsir düşməmişdir.
Şahin Əzimov həmin müsibətli günü belə
xatırlayır:
- Fevral
ayının 25-i axşam saat 10-11 radələri olardı. Ermənilər hər tərəfdən zirehli
texnkilarla hücuma keçdilər. Evləri yandıra-yandıra yaxınlaşırdılar. Mən
qaçaraq zirzəmilərdə ümidlə kömək gözləyən bəzi ailələrə şəhəri tərk etmək
lazım olduğunu bildirdim. Qonşumuz Əlövsətin ailəsi ilə birlikdə şəhərdən
çıxmağa başladıq. Asfaltı keçəndə bizi gülləbaran etdilər. Qarqarçayı keçərək
Qaraqaya istiqamətində gedən camaata qoşula bildik. Yolda qalan qocalara,
yaralılara baxanda insanı dəhşət bürüyürdü. Bacımın qayınanası Çiçək xalaya kömək
edirdim. Onun corabı islandığından buz bağlamışdı. Corabın buzunu qırıb cibimə
qoydum ki, isinəndən sonra ayağına geydirim. Lakin erməni vəhşiləri onu
vurdular. Corabını cibimdə Ağdamadək gətirmişdim.
Biz əkin yerini keçəndə ermənilər BTR, BMP-lərlə atəşə
tutdular. Sanki insanları zəmi kimi biçirdilər. Heç kəsə aman vermədilər. Bibim
Dilarə, altı yaşlı oğlu Natiq orada şəhid oldu. Təsadüf nəticəsində sağ
qalanlar hərə bir tərəfə səpələndi. Mən qaratikanlı qayanı aşıb atam və anamın
yanına gəlib çatdım. Ermənilər bizi yenidən görüb atəşə tutdular. Qonşumuz Teybəni,
əmimin nəvəsi Aynuru vurmuşdular. Mənfur düşmənlər xəndəklərdə gizlənən dinc
sakinləri qətlə yetirmişdilər. Onlar heç kimə rəhm etmirdilər. Qardaşım Hüsü və
digərləri yolu açmaq üçün qabağa düşmüşdülər. Onlarla aramızda olan məsafə xeyli
artmışdı. Yaralanmış atamı, anamı ermənilər amansızcasına güllələmişdilər. Üç-dörd
nəfərlə birlikdə Ağdama tərəf gedəndə ermənilər qarşımızı kəsib təslim
olmağımızı istədilər. Lakin biz təslim olamayaraq oradan aralaşdıq. Ermənilər bizi təqibi etməyi kənara qoyaraq yaxınlığımızda olan təxminən 250 nəfərlik dəstənin qarşısını kəsdilər. Ağdamda
məni görən yaxınlarım gözlərinə inanmadılar ki, mən sağ-salamat erməni çəmbərindən
çıxa bilmişəm.
Şahin Əzimov hal-hazırda Gəncə şəhəri ərazisində
salınmış 600 ailəlikqəsəbədə müvəqqəti məskunlaşıb. Xocalı soyqırımının 29-cu
ildönümü ərəfəsində Şahin Əzimovun evində olub ondan müsahibə götürdüm. Söhbət əsnasında
ona gələn telefon zəngindən öyrəndim ki, səhəri günü Ağdama səfər edəcək. Böyük
Zəfərin sevincini yaşayan hər vətəndaş kimi Şahin də işğaldan azad olunmuş
topraqlarımıza qədəm qoyacağı üçün həyəcanlı idi. Ağdama səfərinin Şahin üçün
sevincli olduğu qədər, böyük anlamı da var. O, 29 il bundan əvvəl Xocalıdan erməni
quldurlarının güllə yağışından təsadüfən sağ çıxaraq Ağdama pənah aparmışdı. İndi ata-anasının,
həmyerlilərinin uyuduğu Ağdamın Şəhidlər Xiyabanına gedərək onların qəbirlərini
ziyarət etmək imkanı yaranıb.
Vətən Müharibəsində Xilaskar Ordumuz Xocalı
soyqırımının törədilməsində əli olan cinayətkarları da məhv etdi. Şəhidlərimizin
qisası alındı. Xocalılar artıq ədalət simvolu olan Xocalıya qayıdış gününə hazırlaşır. Qalib BƏYMƏMMƏDOĞLU,"Xocalının səsi" qəzetinin redaktoru